1918-1920-ci illər Azərbaycanın siyasi və sosial tarixi çox mürəkkəb problem olmaq etibarı ilə dərindən öyrənilməyə ciddi ehtiyac duyur. XX əsrin ilk onillikləri üçün Şimali və Cənubi Azərbaycanda baş verən hadisələri anlamağa çalışmaq, bu hadisələrə ümumbəşəri təfəkkürün bir hissəsi kimi baxmaq, insan cəmiyyətinin demokratikləşməyə doğru inkişafına bir damla da olsa öz töhfəsini vermək bu gün çox vacibdir.
Yeni əsrin əvvəlləri üçün bir tərəfdən mütləqiyyətin bir çox demokratik dəyişikliklər etməyə məcbur olması, digər tərəfdən isə Azərbaycan şəraitində yeni milli burjuaziyanın meydana çıxması və onun milli təfəkkürün inkişafına təsiri cəmiyyətdə müəyyən siyasi qüvvələrin formalaşmasına və onların günəş altında yer axtarmasına gətirib çıxarmışdı. Azərbaycan milli burjuaziyasının istedadlı gəncləri oxumaq üçün dünyanın müxtəlif təhsil ocaqlarına göndərməsi olduqca müvəffəqiyyətli addım olmuşdu. İlk dövrdə doğma vətənə qayıdan azərbaycanlılar siyasi hərəkatda Rusiya sosial - demokratiyasının mövqeyini müdafiə etsələr də sonralar ondan daha çox uzaqlaşır və milli - demokratik hərəkat genişlənirdi. Təsadüfi deyil ki, artıq 1904 - cü ildə azərbaycanlı inqilabçıların demokratik təşkilatı Hümmət yaradılmışdı. İnqilabçı demokratların bir çoxu, o cümlədən M. Ə. Rəsulzadə. H. Hacınski və b. bu cəmiyyətin üzvləri olmuşdular. Bakı neft sənayesinin daha sürətli inkişafı Qərbi Avropa həyat tərzi ilə tanışlığı genişləndirir və istər - istəməz azərbaycanlıları qabaqcıl ictimai fikir və sosial ədalət uğrunda mübarizəyə səsləyirdi. Məhz bununla izah olunur ki, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirə bilmələrinə baxmayaraq, Azərbaycan ziyalılarını bu ittifaqa cəlb edə bilmədilər. çünki müsəlmanlar daha demokratik quruluş uğrunda mübarizəyə atılmışdılar. 1918 - ci ilin mart hadisələri Azərbaycan ziyalılarını sosializm və sovet hakimiyyəti ideyasından çox - çox uzaqlaşdırdı. Türk ədəmi - mərkəziyyət partiyası, Müsavat bitərəf Azərbaycan ziyalısına arxalanıb hakimiyyət uğrunda mübarizəyə başladı. Öz fəaliyyətinin əvvəlində Rusiya tərkibində muxtariyyət uğrunda çarpışan Müsavat partiyası 1918 - ci ilin ərəfəsi üçün artıq tam müstəqil və demokratik Azərbaycan ideyasına qulluq etməyə başladı. Bu ideya xalq arasında böyük razılıqla qarşılandı. Xalqlar dostuluğu demaqoq şüarları ilə pərdələnən Bakıdakı erməni bolşeviklərinin Sovet höküməti özünün Azərbaycan əleyhinə fəaliyyəti ilə xalqı milli hərəkata daha çox sövq edirdi. Bunu M. Ə. Rəsulzadə özü də gizlətməmiş və partiyanın ikinci qurultayında açıq demişdir: “Bizim partiyamız sinfi deyildir. Bizim partiyamız millidir”. Azərbaycan milli hərəkatın geniş yayılmasının səbəblərindən biri də budur ki, bu ölkə müstəmləkə ölkəsi idi və məhz bunun nəticəsində, başqa xalqlar - rus xalqı həyat şəraitinin yaxşılaşdırılması uğrunda sinfi mübarizəyə qalxanda, o da milli azadlıq uğrunda çarpışmalı idi. 1918 -ci il Mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 1920-ci il aprelin 27- də məlum hadisələr üzündən tarixi səhnədən getməli oldu. Üstündən düz 71 il keçəndən sonra Azərbaycan xalqı yeni demokratik zəmində mübarizə meydanına atılıb mayın 28-ni Azərbaycan dövlətinin yaranma günü elan etməyi tələb etdi. Xalqın iradəsi qəbul olundu... Amma böyük və ciddi təəssüf hissi ilə deməliyik ki, Azərbaycan tarixçisi düz 70 il çalışmışdı ki, bu həqiqəti yada salmasın. Bu isə tarixçinin özündə qul psixologiyasının yaradılmasına gətirib çıxarmışdır. Yaddan çıxarmamalıyıq ki, insan iki həqiqətə - təbiətə və tarixə xəyanət edə bilməz. Edərsə böyük qurbanlar verər. Biz artıq bunun şahidi olmuşuq.
Xalq Cümhuriyyətinin varisiAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il keçməsinə baxmayaraq, dövlətçilik tariximizdəki rolu daima minnətdarlıq və qədirşünaslıqla xatırlanmış, bu mirasa böyük diqqət və ehtiramla yanaşılmışdır. Bu gün də Cümhuriyyətin tarixi, onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti dərindən öyrənilir, ideyaları təbliğ edilir, təcrübələrindən bəhrələnilir.
Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə münasibət baxımından söylədiyi aşağıdakı sözlər xalqımızın dövlətçilik və müstəqillik fəlsəfəsini izah edir: ”Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik.” Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini davam etdirən xalqımız bu tarixi varislik üzərində öz müstəqil dövlətini yaratdı və ümummilli liderin qətiyyəti sayəsində onu qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirdi. Bu gün respublikamızda bütün sahələrdəki dayanıqlı sosial-iqtisadi inkişaf və uğurlar, ictimai-siyasi sabitlik və dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin, eləcə də ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik keyfiyyətlərinin, öz xalqına qəlbən bağlılığının, milli dövlətçilik fəlsəfəsinə, azərbaycançılıq ideologiyasına və bütün demokratik ənənələrə sadiqliyinin bəhrəsidir. Prezident İlham Əliyevin ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamında 100 il əvvəl mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Azərbaycan xalqının həyatında misilsiz hadisə kimi qiymətləndirilir. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmindir və xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyərdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd etdik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Dilqəm Məhərrəmov,
Bakı "Medikal Plaza"ın "Medi-lux" filialının
plastik cərrahı, tibb elimləri namizədi