Qarabag Media

Heydər Əliyev Fondu xeyirxahlığın ali ünvanıdır

Tarix:28-06-2019, 11:11 Baxış Sayı:353 Kateqoriya:Gündəm

Heydər Əliyev Fondu xeyirxahlığın ali ünvanıdır


İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Fondun bütün fəaliyyətində aparıcı istiqamətdir

Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir...

Azərbaycanın hər bölgəsində Ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir. Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır. Fond ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

Xeyriyyəçiliyin, əl tutmağın sosial-fəlsəfi anlamı haqqında dərin fikir yürütmək, hər halda, uzun araşdırmalar tələb edir. Bu sosial akt özlüyündə dərin məzmun əks etdirməklə yanaşı, gələcək nəsilləri tərbiyələndirmək və istiqamətləndirmək baxımından çox vacib bir məktəb sayılır. Azərbaycan coğrafi və təbiəti etibarilə cəlbedici olduğundan hər zaman düşmən ölkələrin diqqətini çəkib, dövlətimiz tez-tez hücumlara məruz qalıb. Bu baxımdan dövlətimizin sabit əsaslarda inkişaf edərək insanların maddi imkanlarının artmasına və digər maddi vəziyyəti aşağı olan cəmiyyət üzvlərinə əl tutmasına total təkanverici şərait olmayıb. Xeyriyyəçilik aktları yalnız müəyyən dövrlərdə sayıla biləcək şəxslər tərəfindən aparılıb və kütləvi xarakter almayıb. Bu fəaliyyətin totallaşmaması isə xeyriyyəçilik institutunun zəif inkişafına səbəb olub...

Amma bu gün Azərbaycan stabil əsaslara söykənərək irəli gedir və inkişafına görə lider ölkələr sırasında yer alıb. Maddi vəziyyəti yüksələn insanların sayı isə gündən-günə artır. Lakin xeyriyyəçiliyin bir ənənəyə, güclü bir instituta çevrilməsinə təkan verəcək vasitə lazımdır. Bu vasitə qismində isə bu gün Heydər Əliyev Fondu çıxış edir...

Heydər Əliyev Fondunun öz fəaliyyətində Ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkəmizdə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, ümumilikdə, bütün strukturlar üçün də nümunə sayıla bilər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva respublikada xeyriyyəçilik fəaliyyətinin genişlənməsi üçün ardıcıl və sistemli iş aparır, iş adamlarını bu yöndə fəallıq göstərməyə çağırır. Mehriban xanım Əliyeva haqlı olaraq vurğulayır ki, ölkəmizdə xeyriyyəçilik üçün fəaliyyət meydanı qeyri-məhduddur. Ən mühüm istiqamət yenə də sosial imkanları məhdud olan əhali qruplarına, yəni aztəminatlı vətəndaşlara, əlillərə, kimsəsizlərə, qaçqınlara və məcburi köçkünlərə, təbii fəlakətlərdən və texnogen qəzalardan zərər çəkmiş insanlara müxtəlif şəkildə kömək etməkdir. Mehriban xanım Əliyeva, eyni zamanda, zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edir. Onun qənaətincə, xeyriyyəçi öz fəaliyyət istiqamətini seçərkən bunu ictimai tələbata uyğunlaşdırmalı və öz qüvvəsini ən kəskin, ümdə problemlərin həlli üzərində cəmləşdirməyi bacarmalıdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda xeyriyyəçiliyin inkişafına mane olan amilləri də ortaya çıxarıb: “İndiki dövrdə ölkəmizdə vətəndaş cəmiyyətinə xas olan bəzi inkişaf çətinliklərini də görməmək olmaz. Mən bəzən bu məsələnin ifrat siyasiləşdirilməsini və merkantilləşdirilməsini nəzərdə tuturam. Belə hallar xeyriyyəçilik potensialının reallaşdırılması imkanlarını xeyli məhdudlaşdırır. Onu da vurğulamaq istərdim ki, bizim biznes strukturlarının korporativ sosial məsuliyyəti lazımi səviyyədə deyil, onlar çox vaxt öz fəaliyyətlərinin sosial və ekoloji nəticələrini nəzərə almır, sosial sahədə həllini gözləyən problemlərə lazımınca diqqət yetirmirlər. İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur”.

AzərTAc dövlət agentliyinə dərin məzmunlu müsahibəsində isə nəcib və mərhəmətli addımları ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyriyyəçilik məfhumunun fəlsəfi-nəzəri mahiyyətini açıb, bu cür fəaliyyəti şərtləndirən sosial-psixoloji amilləri əsaslandırıb, eyni zamanda, cəmiyyətdə mənəvi harmoniyanın qorunmasına xidmət edən xeyriyyəçiliyi yüksək mənəviyyatdan irəli gələn könüllü fəaliyyət kimi səciyyələndirib: “Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”.

Məlum olduğu kimi, hər gün Fonda yüzlərlə məktub daxil olur. Bütün müraciətləri müsbət cavablandırmaq mümkün olmasa da, problemlərə diqqətlə yanaşmaq, onların həllinə çalışmaq Fondun iş prinsipidir. İnsanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək Fondun bütün fəaliyyətində aparıcı istiqamətlərdir. Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondunun xətti ilə indiyədək 10 minə yaxın insan müayinə olunub, müalicə kursu keçib. Bu dövr ərzində 763 nəfər xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, 100 nəfərdən çox xəstənin əməliyyat və müayinəsi xarici ölkələrdə aparılıb. Heydər Əliyev Fondu 2004-cü ildən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində bu xəstəliyə düçar olmuş 14 yaşınadək uşaqları müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edir.

Artıq istifadəyə verilən Talassemiya Mərkəzi ölkədə qan xəstəliklərinin müalicə və profilaktikasında əhəmiyyətli irəliləyişə təkan verəcək. Bu mərkəz ən müasir avadanlıqla təchiz edilib. Heydər Əliyev Fondu tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak edir. “Fresenius Medical Care”, “Karl - Storz”, “Servier” kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış hemodializ və endoskopik aparatlar və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrində istifadə olunur.

Fond hər il Yeni il və Novruz bayramlarında uşaq evləri və internat məktəbləri, şəhid, məcburi köçkün ailələrindən olan uşaqlar üçün möhtəşəm bayram şənlikləri, xüsusi tədbirlər təşkil edir. Bütün işlər birbaşa Fondun prezidenti Mehriban xanım Əliyevanın nəzarəti ilə həyata keçirilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: “İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də, təhsilə, insanların sağlam həyatının qurulmasına yönəltdiyi böyük diqqət onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.

Xeyriyyəçilikdən danışarkən, humanizm prinsiplərindən kənar keçmək qeyri-mümkündür... Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin may ayında və 2009-cu ilin mart ayında Milli Məclisdə qəbul olunaraq dövlət başçısı tərəfindən imzalanan və icrası başa çatan Amnistiya Aktının cəmiyyətdə böyük diqqət və hörmətlə qarşılanması da təsadüfi deyildir. Ulu öndərin humanist siyasətinə sədaqətin əyani nümayişi olan bu Amnistiya Aktı ilk gündən Onun xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti çəkib.

Qeyd edək ki, Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təklifini irəli sürən millət vəkili Mehriban xanım Əliyeva söyləmişdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondu onun sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir: “Ulu öndərimizin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən Heydər Əliyev Fondunun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara köməyin göstərilməsidir. Məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin Fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir. Ümummilli liderimizin humanist siyasətinə sədaqəti nümayiş etdirərək firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Azərbaycan xalqının milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsini təklif edirəm”.

Azərbaycan parlament tarixində ilk dəfə olaraq millət vəkili tərəfindən irəli sürülmüş və qəbul edilərək geniş ictimai dəstək almış bu Amnistiya Aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edib. Amnistiya Aktı həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən yaxınlarının, ailə üzvlərinin hədsiz sevincinə səbəb olub.

Xatırladaq ki, Mehriban xanım Əliyeva 2006-cı ilin sonlarında İSESKO-nun 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurumu olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb. ABŞ - Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə ona “2006-cı ilin xoşməramlı səfiri” adı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə isə 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti üzərinə götürdüyü şərəfli missiyanı layiqincə yerinə yetirir.

Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri kimi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə “Əsrlərin xeyriyyəçiləri” beynəlxalq Fondunun Yaqut Xaç ordenini almış ilk qadındır.

Bununla yanaşı, 2009-cu ildə Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, Heydər Əliyev Mükafatına layiq görülüb...

Belə ki, Fond tərəfindən həyata keçirilən xeyirxah işlər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Bu, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir. Son illərdə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən xoş niyyət, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

Zahid Nuriyev,
"Yol İnşaçısı" MMC şirkətinin sədri, iş adamı

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq