Qarabag Media

Hikmət Hacıyev: Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır

Tarix:24-07-2020, 22:51 Baxış Sayı:1 278 Kateqoriya:Gündəm

Hikmət Hacıyev: Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiyada çıxan “Kommersant” (“Ъ”) qəzetinə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi provokasiya barədə müsahibə verib.

yenisehife.az "Report"a istinadla həmin müsahibəni təqdim edir.

Ötən həftə Ermənistan-Azərbaycan sərhədində hərbi münaqişə son illərdə ən ciddi şəkildə kəskinləşib. Tərəflər indiyə qədər hər gün atəşkəs rejiminin pozulması hallarını qeyd edirlər. “Ъ” qəzetinin müxbiri, münaqişə zonasından Bakıya gəlmiş Kirill Krivoşeyev Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin yaranmış vəziyyəti necə görməsi və tərəflərin danışıqlara nə vaxt qayıda biləcəyi barədə suallarla müraciət edib.

Oxşar məzmunlu sorğu Ermənistan XİN-ə də göndərilib, Ermənistan tərəfi hadisəni öz mövqeyindən qiymətləndirib.

“Qərəzli provokasiya və hərbi-siyasi avantüra”

- Azərbaycanın hakimiyyət orqanları yaxın günlərdə vəziyyətin kəskinləşməsindən necə nəticə çıxaracaqlar?

- Bu kəskinləşmə erməni silahlı qüvvələri tərəfindən qərəzli provokasiya və hərbi-siyasi avantüra idi. Biz bunu təcavüz aktı, terror aktı, o cümlədən silahlı qüvvələrdən Azərbaycana qarşı qanunsuz istifadə aktı və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk.

Bütün bunlara baxmayaraq, erməni tərəfi öz qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi.

- Gələcəkdə buna oxşar vəziyyətin təkrarlanmasını istisna etmək üçün siz nə edə bilərsiniz?

-Bu hadisələr ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa – “Ъ”), bütün beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yönəlmiş tədbirləri gücləndirməyin zəruri olmasını bir daha vurğulayır. Regionda sülhə və təhlükəsizliyə təhdidin əsas mənbəyi münaqişənin nizamlanmamış statusudur. Sonuncu dəfə vəziyyətin kəskinləşməsi bir daha göstərdi ki, erməni tərəfi regionda vəziyyətin kəskinləşməsi, gərginlik yaradılması və iki ölkə arasında dövlət sərhədi və təmas xətti boyunca eskalasiya üçün bu cür hərbi avantüralardan həmişə istifadə edir.

- Tovuz rayonunda adamlar mənə söyləyirdilər ki, onlar dövlətlər arasında qanuni sərhəddə vəziyyətin bu dərəcədə kəskinləşməsini ilk dəfə görürlər. Bu, o demək ola bilərmi ki, münaqişə zonası Qarabağın hüdudlarından kənara genişlənir?

- İki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmağa çalışan erməni tərəfin niyyətlərindən biri məhz bundan ibarət idi. Onlar həm də Şərq-Qərb xəttində nəqliyyat, o cümlədən enerji və kommunikasiya xətləri üçün təhlükə yaratmaq niyyətindədirlər. Bundan əlavə Ermənistanda daxili vəziyyət kəskinləşir. Ermənistanın hakimiyyət orqanları bu yolla əhalinin diqqətini, xüsusən COVID-19-a qarşı mübarizə sahəsində özlərinin fəaliyyətsizliyi nəticəsində yaranmış daxili problemlərdən yayındırmaq istəyirlər.

Bununla bərabər, erməni tərəfi münaqişəyə üçüncü tərəfləri, o cümlədən özünün daimi üzv olduğu hərbi-siyasi alyansları (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, KTMT nəzərdə tutulur - “Ъ”). Lakin bu təşkilatın üzvləri olan ölkələr erməni tərəfin niyyətlərini tamamilə başa düşərək öz fikirlərini müxtəlif səviyyələrdə ifadə ediblər. Ermənistandan başqa bu təşkilatın üzvü olan bütün ölkələrlə Azərbaycan arasında dostluq münasibətləri yaranıb. Erməni tərəfin məkrli cəhdləri uğursuz olub.

- Siz münaqişənin budəfəki kəskinləşməsində Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz? Nə isə başqa şey gözləyirdinizmi?

- Rusiya tərəfi ilə diplomatik kanallar üzrə, o cümlədən ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla intensiv dialoq aparırdıq. Hərbi kanallar üzrə kommunikasiya və dialoq mexanizmi mövcuddur, bu mexanizm də işə salınmışdır. Hazırda Rusiya tərəfi vəziyyətin deeskalasiyası üçün əlindən gələni edib. Məsələn, Rusiya və KTMT-nin üzvü olan bütün başqa ölkələr bir daha öz fikirlərini bildirdilər ki, erməni tərəfin niyyətlərinə və təhriklərinə baxmayaraq yaranmış vəziyyət bu təşkilatın məsələsi deyil.

Ən başlıcası – lap yaxın vaxtlarda, bu hadisələr zamanı Rusiya Federasiyasında hərbi təlimlər keçirilirdi. Erməni tərəfi təbliğat fonu yaratmaq üçün bu faktdan istifadə etmək istəyirdi.

Lakin biz Rusiya hərbi idarəsindən zəmanət aldıq ki, bu təlimlər Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əsla bağlı deyil.

“Ermənistan hətta humanitar məsələlərdə də pozucu mövqe tutur”

- Məhz vəziyyətin kəskinləşdiyi vaxtda Azərbaycanda Xarici İşlər naziri dəyişdirildi. Bu ərəfədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində Elmar Məmmədyarovu tənqid etdi. O deyirdi ki, məsələnin mahiyyətinə aid olmayan mənasız danışıqlar aparılır. Siz bu frazanı necə izah edə bilərsiniz? Son vaxtlar xalqları sülhə hazırlamaq proqramı barədə danışıqlar aparılırdı. Belə çıxır ki, Prezident məhz humanitar mübadilələri, jurnalistlərin mübadiləsini mənasız adlandırıb?

- Yox, mən deyərdim ki, burada söhbət bütövlükdə danışıqlar prosesindən gedir. 1994-cü ildən atəşkəs rejimi mövcuddur. O vaxtdan bəri erməni tərəfi Azərbaycanın suveren ərazilərini ilhaq etmək üçün həmişə bu rejimdən pərdə kimi istifadə edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatında isə açıq-aydın yazılıb ki, həmin mandat BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesinin mahiyyəti Azərbaycan ərazilərinin işğaldan azad olunmasını və azərbaycanlı qaçqınların öz yurdlarına qaytarılmasını təmin etmək, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü bərpa etməkdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin ali səviyyədə dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbuledilməzdir və dəyişməlidir. Ermənistan isə Azərbaycan ərazilərinin hərbi işğalını və ilhaqını davam etdirmək məqsədilə danışıqlar prosesindən sui-istifadə edir. Ermənistan var qüvvəsi ilə mühüm mövzuların müzakirəsindən diqqəti yayındırmağa çalışır və əsas diqqəti simptomatik məsələlər üzərində cəmləşdirir. Məsələn, 2016-cı ilin aprelində vəziyyət kəskinləşəndən sonra ermənilər təmas xəttində insidentlərin təhqiqatı ilə, Kaspşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədri Anji Kaspşik - “Ъ”) qrupunun əməkdaşlarının sayının artırılması ilə məşğul olmağı təklif edirdilər. Məsələnin mahiyyəti üzrə danışıqlar prosesi çərçivəsində bu cür texniki məsələlər, o cümlədən, erməni qoşunlarının çıxarılması kontekstində müzakirə edilə bilər.

Azərbaycan xalqın sülhə hazırlanmasının, humanitar mübadilələrin əleyhinə deyil. Lakin biz ilk növbədə hərbi işğal məsələsini həll etməliyik.

Yenilənmiş Madrid prinsiplərində münaqişənin nizamlanması və işğalçı erməni qüvvələrinin mərhələli şəkildə çıxarılması nəzərdə tutulur. Lap yaxın vaxtlarda Sergey Lavrov (RF XİN başçısı - “Ъ”) bu faktı vurğulayıb. Minsk qrupunun zaman çərçivələri, yəni erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bu və ya digər rayonundan nə vaxt çıxarılacağı göstərilməklə öz fəaliyyət planı olmalıdır.

Minsk qrupunun sədri Mario Rafaelli olanda (1992-1993-cü illər) onun konkret planı vardı. Bu plan BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamələri əsasında tərtib edilmişdi. Artıq 30 il keçib. Bəs bu plan nə üçün reallaşdırılmır? Minsk prosesində 11 ölkə iştirak edir. Onlar hamısı fəal olmalıdır.

Biz Minsk prosesinin bütün iştirakçılarını çağırmalı və əsas diqqəti danışıqlar prosesinin mahiyyəti üzərində cəmləşdirməliyik.

Jurnalistlər mübadiləsi və ya hər hansı başqa humanitar layihələr isə əsas məqsəd ola bilməz. Bunlar hamısı köməkçi elementlərdir.

- Yəni əgər siz danışıqlar masası arxasına qayıtsanız və erməni tərəfi yenə humanitar mübadilə təklif etsə siz deyəcəksiniz ki, bunu yalnız sonra müzakirə edəcəksiniz?

- Biz ümumi vəziyyəti qiymətləndirməliyik. Erməni tərəfi danışıqlar prosesinə sadiq olduğunu təsdiq etməlidir. Ona görə ki, biz indiyə qədər görmüşük: ermənilər ali səviyyələrdə gah bir, gah başqa söz deyirlər. Onlar danışıqlar prosesinin formatını və predmetini hər vasitə ilə pozmaq istəyirlər. Ermənistan hətta humanitar məsələlərdə də pozucu mövqe tutur. Məsələn, Azərbaycan erməni tərəfin saxladığı hərbi əsirləri və girovları “hamını hamıya” prinsipi üzrə dəyişməyi təklif edir (onlardan biri Rusiya vətəndaşıdır). Azərbaycan COVID-19 pandemiyası dövründə bu təklifi bir daha irəli sürdü, erməni tərəfi isə yenə rədd cavabı verdi.

Xalqların sülhə hazırlanması məsələsinə gəldikdə isə, biz hesab edirik ki, sülhə hazırlaşmağa ehtiyacı olan ilk növbədə Ermənistanın hərbi siyasi rəhbərliyidir. Paşinyan (Ermənistanın baş naziri Nikol Paşinyan - “Ъ”) bəyan edir ki, Qarabağ Ermənistandır. Məgər bu bəyanat sülhə xidmət edir? Yaxud Ermənistanın müdafiə naziri (David Tonoyan - “Ъ”) “yeni ərazilər xatirinə, yeni müharibə” barədə danışır. Bu sülhə hazırlıqdır, yoxsa bu yaxınlarda gördüyümüz yeni müharibəyə?

- Lakin erməni tərəfi danışıqlar masası arxasına Stepanakert nümayəndələrini əlavə etmək niyyətində olduğunu gizlətmir.

- İndiki məqamda danışıqlar prosesinin formatı artıq məlumdur. Münaqişənin iştirakçıları Ermənistan və Azərbaycandır. Beynəlxalq hüquqa görə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində olması Ermənistanın münaqişə tərəfi kimi məsuliyyətini müəyyən edir. Azərbaycanın işğal edilmiş ərazisində qeyri-qanuni rejim yaradılması isə, həmin rejimə danışıqlar prosesinin iştirakçısı olmaq hüququ vermir. Münaqişənin nizamlanması formatını dəyişməyə heç kəsin hüququ yoxdur.

- Minsk qrupu işinin öhdəsindən gəlmir?

- Mən belə deyərdim: bu bizi qane etmir. Mən onlara açıq demişəm ki, onların yalnız məlumatların çatdırılmasından ibarət olan iş mexanizmi səmərəli deyildir. Onlar erməni tərəfindən müəyyən informasiyanı alır, bu informasiyanı bizə, sonra isə geriyə çatdırırlar. Halbuki erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və qaçqınların doğma yurdlarına qayıtmasının dəqiq planı olmalıdır.

Həmsədrlər deyirlər: Qoy Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsinlər, biz isə onların qərarını dəstəkləyərik. Belə olan halda onların moderator rolu nədən ibarətdir?

Bir məsələni də unutmayın ki, bu qrupun üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bir daha təkrar edirəm, hərbi işğal faktı mövcuddur. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməli və bunun əsasında biz irəliyə getməliyik.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qanunsuz hərəkətləri, o cümlədən oraya ermənilərin qeyri-qanuni köçürülməsi danışıqlar prosesinin mənasını tamamilə heçə endirir. ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı missiyaları Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-leqal hərəkətlərlə bağlı çoxlu faktlar aşkar etdi. Bu məsələlərə münasibətdə həmsədrlər tərəfindən konkret mövqe görünmür. Həmsədrlərin mandatı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Başqa sözlə desək, həmsədrlərin birinci dərəcəli məqsədi həmin qətnamələrin tələblərini yerinə yetirməkdən ibarət olmalıdır.

Bu qətnamələr Minsk qrupu təsisatının pasportu və doğum haqqında şəhadətnaməsidir. Lakin çox təəssüf ki, onlar bunu tez-tez unudurlar.

“Erməni nazir danışıqlar prosesinə kompüter oyunu kimi baxır”

- Lakin erməni tərəfi deyir ki, son iki ildə danışıqlar prosesində uğurlar qazanılıb. Siz bu fikirlə razı deyilsiniz?

- Əsla razı deyiləm. Nümunə üçün deyin, hansı irəliləyişlər olub. Bir şey aşkardır ki, Ermənistan üçün tərəqqi heç bir nəticə verməyən danışıqlar prosesinin imitasiyasının davam etməsidir.

- Düşənbə (2018-ci ilin sentyabrında orada Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev görüşüblər - “Ъ”), operativ əlaqə yaradılması...

- Düşənbədə məhz Azərbaycan tərəfin siyasi iradəsi və konstruktivizmi sayəsində danışıqlar prosesinin irəliləməsi üçün müsbət fon yaradılıb. O vaxt Paşinyan hakimiyyətə yenicə gəlmişdi və Azərbaycan tərəfi gözləyirdi ki, Ermənistanın yeni rəhbərliyi öz sələfləri ilə müqayisədə fərqli siyasət yürüdəcək və beləliklə danışıqlar prosesində irəliləyişə nail olmaq mümkündür.

Onlar danışıqlar prosesi üçün tanış olmaq üçün vaxt istədilər. Bəs sonra nə oldu? Ermənistanın hərbi-siyasi rəhbərliyi özünün ziddiyyətli bəyanatları ilə danışıqlar prosesinə çox ziyan vurdu. Nikol Paşinyan məhz o vaxt demişdi ki, Qarabağ Ermənistandır, NATO-nun qərargahında iş üzrə tanış olduğumuz David Tonoyan isə Brüsseldə “Yeni müharibə - yeni ərazilər” formulunu söylədi. Yeri gəlmişkən, yadımdadır ki, David Tonoyan kompüter oyunlarını çox xoşlayırlar. Hər şeydən görünür ki, erməni nazir danışıqlar prosesinə kompüter oyunu kimi baxır, bu isə çox kədərlidir.

- Mən nazir Tonoyan ilə də, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Vaqif Dərgahlı ilə söhbət etmişəm. İstər Ermənistanda, istərsə də Azərbaycanda operativ əlaqənin necə işlədiyini heç kəs mənə izah edə bilmədi. Nə üçün bu əlaqə indi işə düşmədi?

- Prinsip etibarilə həmin əlaqə işləmir və səmərəli deyil.

- Bu insanlar mənə deyirlər: bilirsinizmi, bu məsələ ilə hərbçilər məşğul olmurlar, bununla başqa idarə məşğul olur, amma hansı idarədirsə demirlər. Azərbaycanda kim erməni hərbçilərinə zəng vurub soruşa bilər: “Siz nə edirsiniz?”

- İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən rabitə kanalı var. Lakin Ermənistanla əlaqədar faktorlar nəticəsində, xüsusən Yerevanda daimi kadr hərc-mərcliyi üzündən bu rabitə kanalı praktiki olaraq işləmir və səmərəli deyil. Faktiki olaraq orada əlaqə saxlayası adam yoxdur.

Onlar (Ermənistanın hakimiyyət orqanları - “Ъ”) özləri belə bir mexanizm yaradılmasını xahiş etdilər, sonra isə özləri bir daha göstərdilər ki, bu mexanizm onları maraqlandırmır. Bu fakt Ermənistanın səmimi olmamasını bir daha təsdiq edir.

- Lakin hər halda bəlkə elə etməyə dəyər ki, bilavasitə hərbçilər zəngləşə bilsinlər. Məsələn, zastava komandirlərinin birbaşa ünsiyyət saxlaması yaxşı olarmı?

- Lokal səviyyədə, xüsusən təmas xəttində (Ermənistanın və Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədində deyil, Qarabağda - “Ъ”) belə rabitə xəttinin müəyyən forması mövcuddur. Lakin biz yenidən danışıqlar prosesinin mənası məsələsinə qayıtdıq. Bütün bunlar nə üçün baş verir? Ona görə ki, hərbi işğal faktı var. Əgər Ermənistan silahlı qüvvələri bizim işğal edilmiş ərazilərdən çıxarılsa, belə texniki mexanizmlərə ehtiyac qalmayacaq. Lakin erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması çərçivəsində onlara ehtiyac ola bilər.

- Prezident Əliyev deyib ki, Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır və keçmiş təhsil nazirini yeni xarici işlər naziri təyin edib. Bu seçim nə ilə bağlıdır, nə üçün karyeralı diplomat seçilmədi?

- Bu, cənab Prezidentin qərarıdır. Prezidentin qərarları müzakirə edilmir və şərh olunmur, onlar icra edilir. Mən yeni xarici işlər naziri Ceyhun Bayramovu çox yaxşı tanıyıram və ona uğurlar arzu edirəm. Onunla yoldaşlıq əlaqələrimiz və işgüzar münasibətlərimiz var. Təhsil Nazirliyində özünü çox yaxşı menecer kimi göstərib. Cənab Bayramov strateji təsəvvürlü, çox təcrübəli adamdır. Buna görə inanıram ki, o, cənab Prezidentin yüksək etimadını doğruldacaq.

“Bundan sonra ağır artilleriya istifadə etməyin mənası nədən ibarət idi?”

- KİV-lərdə yayılmış məlumata görə, lap yaxın günlərdə Bakı Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları alıb. Hərçənd, Azərbaycan KİV-ləri onlar haqqında iyun ayında da, hətta fevral ayında da yazmışdı. Nə isə təzə tədarük olubmu?

- Əvvələn Azərbaycan ilə Türkiyə arasında strateji münasibətlər var. Türkiyə Cənubi Qafqaz regionu ilə bağlıdır, həm Azərbaycanla, həm də Ermənistanla sərhədləri var. Türkiyə həm də Minsk qrupunun üzvüdür.

Türkiyədən keçməklə Suriyadan Azərbaycana silahlıların göndərilməsi barədə informasiya tamamilə cəfəngiyat, yanlış və uydurma xəbərdir. Bu məlumat hansısa əhəmiyyətsiz media resurslarda yayılıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sirr deyil: bizim həm Türkiyə, həm də Rusiya ilə yaxşı hərbi-texniki əlaqələrimiz var. Biz görürük ki, indiki məqamda Rusiya ilə Türkiyənin strateji maraqları üst-üstə düşür, yəni Cənubi Qafqaz regionunda, Qara dəniz və Xəzər dənizi hövzələrində sülhü, təhlükəsizliyi və əməkdaşlığı təmin etmək lazımdır. Bu, eyni zamanda həm Rusiyanın, həm də Türkiyənin maraqlarına uyğundur. Nəhayət, bu həm də Ermənistanın mənafelərinə uyğundur. Lakin hansısa üçüncü tərəflərin (Ermənistanla münaqişəyə - “Ъ”) cəlb edilməsi Azərbaycanın mənafeyinə uyğun deyil.

Azərbaycan ordusu yaxşı təchiz edilib, ruh yüksəkliyinə və dövlət sərhədinin müdafiəsinin, o cümlədən özünün işğal altında olan ərazilərinin azad edilməsini təmin etmək üçün hər cür imkana malikdir.

- Deməli, siz hər hansı insident baş verə biləcəyini və Türkiyənin bu məsələyə öz qoşunları səviyyəsində müdaxilə etməsi barədə xahiş olunmasını istisna edirsiniz?

- Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Bizə hər şey açıqdır, şəffafdır. Biz eyni zamanda həm Rusiya, həm Türkiyə, həm İsrail həm də başqa ölkələrlə çox sıx hərbi-texniki əməkdaşlıq etməyimizi gizlətmirik.

- Hər halda Azərbaycan “Bayraktar” pilotsuz uçuş aparatları alıb ya yox?

- Bu məsələ barədə tam məlumatım yoxdur. Yalnız bunu əlavə edə bilərəm ki, Azərbaycanın çox yaxşı dronlar donanması var. Bu, bizim regionda ən yaxşı donanmalardan biridir. O cümlədən, pilotsuz zərbə uçuş aparatları, pilotsuz kəşfiyyat aparatları var. Döyüş əməliyyatları zamanı onlar Azərbaycanın Ermənistan üzərində strateji üstünlüyünü bir daha nümayiş etdirdi.

- Ermənilər bir neçə dəfə guya vurduqları pilotsuz uçuş aparatlarının fotoşəkillərini nümayiş etdiriblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti mənə deyirdi ki, UAZ avtomobilləri (erməni tərəfin versiyasına görə vəziyyətin kəskinləşməsi içərisində Azərbaycan hərbçiləri olan UAZ avtomobilinin ermənilərin nəzarəti altında olan əraziyə daxil olmasından başlanıb - “Ъ”) hər iki tərəfdə var və onunla saxta video çəkmək asandır. Lakin İsraildə istehsal edilmiş, Azərbaycanın istifadə etdiyi pilotsuz uçuş qurğuları Ermənistanın təchizatında yoxdur. Siz erməni əsgərlərinin bu cür pilotsuz aparatlarla fotoşəkillərini necə izah edərsiniz?

- Azərbaycan Müdafiə Nazirliyi bu məsələ barədə bəyanat verib. Əlbəttə, erməni tərəfi burada daha çox fotoşop ilə məşğul olur. Bu müsahibənin dərc edilməsi ərəfəsində Yerevanda erməni tərəfin dediyinə görə, döyüş əməliyyatları zamanı vurulmuş pilotsuz aparatların sərgisi açılıb. Lakin Bakıda onların həqiqiliyini etiraf etmədilər. UAZ avtomobilləri ilə bağlı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın Ermənistan ilə dövlət sərhədində hər hansı hərbi planları və ya hədəfləri yoxdur. Buna görə, Ermənistan ilə sərhədin müəyyən hissəsinin mühafizəsi sərhəd qoşunları tərəfindən həyata keçirilir.

Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. Əksinə, sərhədin bu sahəsində gərginlik mövqeyinin yaranması Ermənistanın maraqlarına uyğundur.

Hər hansı müasir ordunun düşmənin döyüş mövqelərinə zirehsiz nəqliyyat vasitələri ilə hücum edəcəyini düşünmək səfehlikdir. Əgər Azərbaycan hücum etməyi qərara almış olsaydı, o, özünün işğal altında olan ərazilərini azad etmək məqsədilə bunu təmas xətti boyunca edərdi.

- Demək istəyirsiniz ki, hər halda UAZ olub və haradasa hərəkət edib?

- UAZ olub, Azərbaycan postları arasında hərəkət edib. Bu onların gündəlik işidir.

- Siz belə güman etmirsinizmi ki, o, başqa yola düşə, aza bilərdi? Yoxsa ermənilər hansısa yeni istehkam qurub, Azərbaycan əsgərlərinin bundan xəbəri olmayıb və postun üstünə çıxıblar?

- Bəli, belə xırda insidentlər ola bilər. Bu istisna olunmur. Lakin bundan sonra ağır artilleriyadan istifadə etməyin və Azərbaycan Silahlı qüvvələrinin postlarına hücum etməyin mənası nə imiş? Bu, Azərbaycan tərəfdən üç nəfərin ölümünə və beş nəfərin yaralanmasına gətirib çıxarıb. Erməni tərəfi bu suala cavab verməlidir. Məhz onlar artilleriyadan istifadə etməyə başlamaqla eskalasiya təşəbbüsü veriblər. Bu, ermənilər tərəfindən aşkar təhrikçilik idi. Erməni tərəfi nə üçün artilleriyadan istifadə edirdi?

- Azərbaycan bildirir ki, döyüşlərdə azı yüz erməni əsgəri ölüb. Bu, Ermənistanın özünün bəyan etdiyindən xeyli çoxdur. Ermənistan deyir ki, onun cəmi dörd əsgəri həlak olub. Bu adamların cəsədləri haradasa olmalıdır Azərbaycan həmin cəsədləri göstərəcəkmi, vətənə qaytaracaqmı?

- Erməni silahlı qüvvələrinin itkiləri əsasən Ermənistan ərazisində baş verib. Bu halda erməni tərəfi öz hərbi itkilərini, mən deyərdim ki, çox “peşəkarlıqla” gizlədir. Onların öz alqoritmi var. Birincisi, onların ön xəttində əsasən muzdlular – Suriyadan və başqa ölkələrdən olan ermənilər dislokasiya edilib. İkincisi, təcrübə göstərir ki, 10-15 gündən sonra erməni tərəfi, məsələn, belə bəyanatlar edir ki, bədbəxt hadisələr, avtomobil qəzaları baş verib və əsgərlər həlak olub.

Buna görə də biz gözləyirik ki, tezliklə ermənilər tərəfindən belə bir informasiya yayılacaq. Bu sual erməni ictimaiyyətinə, erməni jurnalistlərə, bütövlükdə erməni xalqına aiddir. Baxın, bu hərbi avantüra, bu siyasət nəticəsində sizin uşaqlarınız həlak olub. Bu hərbi avantüraya görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Biz isə, Azərbaycan cəmiyyətinə həmişə tam informasiya veririk.

“Azərbaycan məsələnin mahiyyəti üzrə danışıqlara sadiqdir”

- Bəlkə, Moskvanın, bəlkə də ATƏT-in vasitəçiliyi ilə Ermənistanla yeni danışıqları nə vaxt gözləyirsiniz?

-Gəlin həmsədrləri gözləyək. Onlar da vəziyyəti ümumən təhlil etməli, o cümlədən öz işlərinin effektivliyinə baxmalı və konkret fəaliyyət planları təqdim etməlidirlər. O cümlədən, münaqişənin nizamlanması üzrə növbəti addımlar barədə konkret təkliflər verməlidirlər. Bir daha bəyan etmək istərdim ki, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində məsələnin mahiyyəti üzrə danışıqlara sadiqdir.

- Əgər siz Minsk qrupunun işindən narazısınızsa, orada güclü və zəif oyunçular varmı? Hər halda bir neçə həmsədr var. Siz Rusiyanın, Fransanın, ABŞ-ın işini ayrı-ayrılıqda necə qiymətləndirirsiniz?

- Mən onların işini ayrı-ayrılıqda qiymətləndirmək istəmirəm. Bu, etikadan kənar və qeyri-peşəkar hərəkət olardı. Həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının mandatı əsasında bu məsuliyyəti öz üzərlərinə birlikdə götürüblər. Ona görə də bu prosesi bütünlükdə qiymətləndirmək olar. Ümidvarıq ki, bir məsələdə həmsədrlər də bizimlə razılaşarlar ki, danışıqlar prosesində hələlik heç bir konkret irəliləyiş yoxdur.

Azərbaycanın işğal edilmiş əraziləri hələ işğal altında qalır və qaçqınlar öz evlərinə qayıtmayıblar.

Bununla bərabər Azərbaycanın işğal edilmiş ərazilərinə (ermənilərin) qeyri-qanuni köçürülməsi davam edir, digər qanunsuz hərəkətlər edilir.

- “Əl-Cəzirə” telekanalında nazir Mnatsakanyan (Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan - “Ъ”) ilə debatları Məmmədyarov yox, siz aparırdınız. O vaxt bu müəyyən mənada vaxtsız təsir bağışlayırdı...

- Bu, tamamilə təsadüfən olmuşdu. Mən heç bilmirdim ki, Mnatsakanyan orada olacaq. Siz artıq bilirsiniz ki, mən təbiətən jurnalistlər üçün çox açıq adamam və onların işini çox yüksək qiymətləndirirəm. “Əl-Cəzirə” telekanalından mənə müraciət etdilər və dedilər ki, mənimlə müsahibə təşkil etmək istəyirlər. Mən razılaşdım. Veriliş vaxtı onlar bildirdilər ki, Ermənistan tərəfdən də kimsə olacaq. Mən dedim qoy olsun. Onlar hətta qeyd etdilər ki, bu bir qadın olacaq. Mən cavab verdim lap yaxşı mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Lakin proqramın gedişində gördüm ki, orada ermənilər tərəfindən məhz Ermənistanın xarici işlər naziri Mnatsakanyan iştirak edir.

- Bilirsiniz bunu nəyə görə deyirəm? Elə bir dövr olacaqmı ki, yeni nazir işin içərisinə daxil olsun və danışıqlara nazir yox, siz gedəsiniz?

İndiki məqamda bu sualınızı şərh edə bilmərəm. Ona görə ki, xarici işlər naziri var. Onun öz vəzifələri, öz səlahiyyətləri var. Təbii ki, cənab Prezident öz müvafiq tapşırıqlarını verib.

- Deməli siz indi həmsədrlərdən danışıqların bərpası barədə təkliflər gözləyirsiniz?

- Siz haqlısınız. Azərbaycan danışıqlar prosesinin tərəfdarıdır. Biz Azərbaycan ərazilərinin işğaldan azad olunmasının və azərbaycanlı qaçqınların öz evlərinə qayıtmasının təmin edilməsi məqsədilə konkret danışıqlar prosesinin davam etdirilməsi barədə həmsədrlərdən konkret təkliflər gözləyirik.

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq