BILINMIR
Yuvasına od vurulmuş bülbüləm
Bənövşəyəm boynu bükük bir güləm
Bu dünyada haq ədalət görmürəm
Nə astarı nə də üzü bilinmir.
Az yazmadıq gül çiçəkdən yarpaqdan
Bizə dayaq bizə qənim torpaqdan
Ağıllı baş azad olar qoltuqdan
Kainatın hüdudları bilinmir .
Mən şairəm mənim sözüm silahım
Olduğutək yazmaq olub günahım
Lap olsa da dar ağacı sabahım
Kim haqlıdır kim də haqsız bilinmir...
VƏTƏN DARDADI
Qoy dursun ayağa Azərbaycanım
Daha susmaq olmaz vətən dardadı
Səs versin səsimə Azərbaycanım
Daha susmaq olmaz vətən dardadı.
Gör vətən nə gündə atam balası
Nə qədər dözək biz atam balası
Dünya bizə gülür atam balası
Daha susmaq olmaz vətən dardadı.
Hanı Nəbilərin Koroğluların
Hanı Babək kimi mərd oğulların
Gəlin dərsin verək biz zalımların
Daha susmaq olmaz vətən dardadı....
BILMƏZ
Dünyada qalacaq dünyanın malı
Kimin adı çıxdı kimin də canı
Allahın yolunnan çıxan insanı
Milyonlar yığışa qaytara bilməz.
Gah yerə sığındıq gah da ki göyə
Adamlar az qalır bir birin yeyə
Dünya belə gəlib gedirsə belə
Bu dərddən bəladan qurtara bilməz...
HAQQIMIZ VAR
Bu vətən bizimdirsə
Bizim də haqqımız var
Yaşamağa ölməyə
Bizim də haqqımız var.
Vətəni iki bölüb
Araz göz dağı oldu
Nə nefitdən payımız
Nə də qazdan pay oldu...
QARADI
Qara qarğa qarıldama
Onsuz da günüm qaradı.
Məni görüb zarıldama
Onsuz da günüm qaradı.
Atam saçım başım qara
Kirpiklərim qaşım qara
Tökülən göz yaşım qara
Onsuz da günüm qaradı.
Ölməyə yoxdu həvəsim
Hələ ki gəlir nəfəsim
Bu mən bu da ki qəfəsim
Onsuz da günüm qaradı.
HƏSRƏTINDƏYIK
Əlini əlimə ala bilsəydim
Saçına toxunub sığal çəksəydim
Bir gün yanağınnan qızım öpsəydim
Ölsəm də dünyada dərdim olmazdı.
Biz nəyin gör nəyin həsrətindəyik.
Tanrının hökmüsə çırağım sönə
Acı göz yaşları qalacaq mənə
Ulduzdan bir çələng hörsəydim sənə
Ölsəm də dünyada dərdim olmazdı
Biz nəyin gör nəyin həsrətindəyik.
Bilsəm ki dünyada tək qalacağam
Cəhənnəm odunda lap yanacağam
Son arzum qızımı bağrıma basam
Ölsəm də dünyada dərdim olmazdı,
Biz nəyin gör nəyin həsrətindəyik.
Əlini əlimə ala bilsəydim
Saçına toxunub sığal çəksəydim
Bir gün yanağınnan qızım öpsəydim
Ölsəm də dünyada dərdim olmazdı,
Biz nəyin gör nəyin həsrətindəyik.
SEVGILIM
Neçə ildi gözüm qalıb yollarda
Hamı gəldi sən gəlmədin sevgilim
Başına nə gəldi görən allahım
Hamı gəldi sən gəlmədin sevgilim.
Mən hamıdan öz sirrimi gizlədim
İllər ötdü ancaq səni gözlədim
Ümüdümü mən allahdan üzmədim
Hamı gəldi sən gəlmədin sevgilim.
Dünya gözlərimdə bir heçdir sənsiz
Neçə yazı yola saldım mən sənsiz
Bundan sonra necə yaşıyım sənsiz
Hamı gəldi sən gəlmədin sevgilim.
Gəl gözümün axan yaşını sil sən
Bu sevgidən mən dönmərəm lap ölsəm
Bilirəm ki sən də məni sevirsən
Hamı gəldi sən gəlmədin sevgilim....
TAPSA
Dünyanın sevinci hamıya çatar
Əgər haqq ədalət öz yerin tapsa
Bütün arzuların çin ola bilər
Sənin söylədiyin söz yerin tapsa.
Nə yağış nə külək nə də zəlzələ
Min il dayanmadan tüğyan eyliyə
Bir daşı divardan qopara bilməz
Əgər bir divarda daş yerin tapsa...
SEVIRƏM SƏNI
Yığışıb gedirsən yaxşı yol sənə
Bəs dünən deyirdin sevirəm səni
Nə tez üzün döndü sevgilim sənin
Bəs dünən deyirdin sevirəm səni.
Hələ öpüşünün yeri soyumamış
Sevincdən gözümün yaşı qurumamış
Günahımız nədi heç aramamış
Yığışıb gedirsən yaxşı yol sənə
Bəs dünən deyirdin sevirəm səni ...
SƏN DEMƏ
Sən demə bilməmişəm yaşamağın yolunu
Cəllad ola bilmərəm kəssələr də qolumu
Min cürə hiylələrin min cürə var oyunu
Həqiqəti söylədim kəssələr də yolumu.
Mən nə daşam nə divar məni də ana doğub
Gördüm şeytanların da dəyişdikcə donunu
Mən güldüm kasıblara cənnəti vəd edənə
Qurdla qol boyun gördüm bir gün fağır qoyunu.
Barışdıqca talehin şərəfsiz anlarıynan
Bəşşəriyyət gözləyir müdrüklərin yolunu
Insan tarixi yazdı tökülən qanlarıynan
Qoy millət unutmasın öz kökünü soyunu.
Mən nə daşam nə divar məni də ana doğub
Gördüm şeytanların da dəyişdikcə donunu.
VƏTƏN YAXŞIDI
Cəhənnəm olsa belə
Doğma vətən yaxşıdı
Gəzməyə ölməyə də
Yenə vətən yaxşıdı.
Qurban olum daşına
Torpağına daşına
Lap tuş gəlsək daşına
Yenə vətən yaxşıdı.
Qucaqlayıb öpməyə
Sevilməyə sevməyə
Heç vaxt üzün gülməyə
Yenə vətən yaxşıdı.
Cəhənnəm olsa belə
Doğma vətən yaxşıdı
Gəzməyə ölməyə də
Yenə vətən yaxşıdı.