Adı da, peşəsi də Müqəddəs olan insan
Onu işində ayrı-ayrı fərdlər deyil, ailələr, nəsillər tanıyır, Azərbaycanın bütün bölgələrindən müraciət edirlər. O, şərəfli, şəfqətli həkim peşəsi, Şərq qadınlarına məxsus ağır, sanballı davranışı, sakit, səmimi danığışı ilə əsl ziyalı və kamil şəxsiyyət ömrü yaşayır. “Siz adınıza layiq xanımsınız, üzünüzdən nur tökülür” kimi sözlərini eşitmək ona hər dəfə xoş ovqat bəxş edir.
Arayış:
Müqəddəs Həsən qızı Sadıqova - 1947-ci il mayın 11-də qədim Qaraçöp mahalında - indiki Gürcüstan Respublikasının Saqareco rayonundakı Düzəyrəm kəndində müəllim ailəsində dünyaya gəlmişdir.
1965-ci ildə Tbilisi şəhərindəki M.F.Axundov adına 73 saylı orta məktəbi, məktəbin fəxri şagirdi kimi fərqlənmə attestatı ilə bitirmiş, 1971-ci ildə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur.
İlk əmək fəaliyyətinə həkim kimi təyinatla böyüdüyü Qaraçöp mahalında başlamışdır.
Daha sonra ailə həyatı ilə əlaqədar köçdüyü Zərdab rayonunun kənd xəstəxanasında 9 il baş həkim vəzifəsində çalışmışdır.
1991-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Həmin ildən akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-trapevt, baş həkimin poliklinika üzrə müavini vəzifələrində çalışmışdır.
2015-ci ildən Premium Clinicdə fəaliyyət göstərir.
Tərcümeyi-halından göründüyü kimi, Müqəddəs xanımın 50 illik həkimlik stajı vardır.
Müqəddəs həkimin atası Həsən Sadıqlı (Sadıqov Həsən Alı oğlu) ali təhsilli pedaqoq kimi dərs hissə müdiri, məktəb direktoru, kolxoz sədri, rayon partiya komitəsinin məsul işçisi kimi yüksək vəzifələrdə çalışmış, el ağsaqqalı, alovlu vətənpərvər kimi böyük nüfuz qazanmışdır. Yaxşı müəllim, rəhbər, qayğıkeş ata, nümunəvi ailə başçısı olmaqla yanaşı, həmçinin şairlik istedadına malik rəhmətlik Həsən müəllim 76 yaşında dünyasını dəyişəndən sonra da hörmət-izzətlə, ehtiramla xatırlanır. Həsən Sadıqlının müxtəlif illərdə yazdığı, klassik irsimizdən qidalanan qoşma, gəraylı, təcnis, divanələri, el şairləri və aşıqları ilə deyişmələri, bağlamaları «Qaraçöpün ağır daşı» (1999), və bir də «Şeirdir, qələmdir pənahım mənim» adlı kitablarında çap edilmişdir.
Qaraçöpdə dövrünün savadlı ilahiyyatçısı, Axund Məşədi Ələsgərin qızı Məryəm xanımla ailə həyatı quran Həsən müəllim böyüdüb boya-başa çatdırdığı, ali təhsil verdiyi 6 övladının hamısı həyatda düzgün yol tutdular, başını ucaltdılar. Haqqında söz açdığımız Müqəddəs həkim Həsən Sadıqlının ilk övladı, nəsil və ailə şəcərəsinin davamçılarından biridir. Valideynlərindən sonra qardaşı Hacı Ruhini və həkim bacısı Leylini çox vaxtsız itirib. Hacı Ruhinin özündən sonra övladları və bir də - «Ömür bir sevda yoludur» (şeirlər toplusu - 2004), «Oyun bildiyim dünya» (şeirlər toplusu - 2007) və «Qaraçöp dastanı» (poeması 2011) adlı kitabları qalıb.
Müqəddəs xanıma ilk növbədə ixtisası ilə bağlı “Doktor, terapiya nədir, terapevt kimdir” sualını verdim. Əhatəli cavablandırdı:
- Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir. Terapiya qeyri-cərrahi təbabətin geniş sahəsini əhatə edir: ürək-damar xəstəlikləri (revmatizm, ÜİX, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s); tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s); mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit); revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.); ifrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.); endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri). Əgər səhhətinizlə əlaqədar hər hansı bir şikayət əmələ gəlibsə, hansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsə, müstəqil analiz vermisinizsə və nəticələri şəhr etmək lazımdırsa, məhz terapevtə müraciət etməyiniz məsləhətdir. Çünki terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. O, pasientin şikayətlərini dinləyir, anamnez toplamalı (xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, kecirdiyi xəstəliklər, allergik reaksiyaların olması) yani məlumat toplamalıdır. Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarını əlləyir). Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s ) təyin edir. Nəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır. Hazırda çalışdığım Premium Klinikası bütün terapevtik və digər müayinə və müalicələrin aparılmasına imkan verən şəraitə və müasir avadanlığa, ən başlıcası isə savadlı həkimlərdən ibarət tibbi heyətə malikdir.
Müqəddəs həkimə münasibət bildirməsini təklif etdiyim ikinci mövzu Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə və bu Zəfərdə Azərbaycan həkiminin xidmətləri oldu.
Dediklərindən:
- Bizim Ulu babalarımızın əsilləri Şuşalıdır. Onlar özlərinin yaşadıqları dövrdə Tiflisə - ziyalılar cəmiyyətinə üz tutublar. Lakin, onlar bir müddətdən sonra qarşılaşdıqları mühitin dinimizin qaydalarına uyğun gəlmədiyini əsas tutaraq, bu dəfə Gürcüstan Respublikasının Qaraçöp mahalına köçüblər. Və beləcə… Sadıqlı nəsli yaranıb, zaman keçdikcə böyüyüb. Yeri gəlmişkən, mərhum qardaşım şair-tərcüməci Hacı Ruhin (Ruhin Həsən oğlu Sadıqlı) «Qaraçöp dastanı» («Qaraçöp dastanı» poeması (2011) - sayca üçüncü kitabıdır) adlı kitabında Qaraçöp mahalı və Sadıqlı soyunun tarixi haqqında ayrıca məlumat vermişdir. Mahal əhalisinin böyük bir hissəsi gürcülər tərəfindən müxtəlif təzyiqlərə məruz qalaraq, Azərbaycana və digər ölkələrə köçmüşlər. Hazırda bu proses daha böyük templə davam edir. Təxmini hesablamalara görə hazırda başqa ölkələrdə beş mindən artıq qaraçöplü yaşayır. Hal-hazırda kökü Sadak tayfasına məxsus Sadıqlı soyunun son məskunlaşdıqları məkan Gürcüstan Respublikasına məxsus Şərqi Kaxetiyada yerləşən 35 mindən artıq əhalisi olan Qaraçöp mahalının səkkiz kəndindən biri Düzəyrəm kəndidir.
Odur ki, 30 ildir həsrətində olduğumuz Qarabağın, Şuşanın düşmən işğalından qurtulması, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin; “Əziz Şuşa, sən azadsan” müjdəsi mənim qəlbimi sonsuz qürur, fərəh, sevinc hissi ilə doldurdu.
O ki qaldı həkimlərin Vətən müharibəsində xidmətlərinə, “görünməz düşmən” adlandırdığımız koronavirusla mübarizədə olduğu kimi görünən düşmənlə mübarizədə də həkimlər ön cəbhədə olmuşlar. Gənc hərbi həkim Turqut Xəlilbəyli, tibb bacısı Arəstə Baxışova yaralıları xilas edərkən mənfur düşmənin hücumuna məruz qalıb şəhid olmuşlar. Müharibə bitəndən sonra yaralıların, qazilərin müalicəsi də həkimlərimizin bir nömrəli vəzifəsi olmuşdur. Müşahidə olunan çox müsbət tendensiyalardan biri də bu oldu ki, hospitallarda müalicə alan bəzi subay qazilər tibb bacılarından gördükləri şəfqəti dəyərləndirib onlarla ailə qurdular.
Müqəddəs Sadıqovanın övladlarının hər ikisi ali təhsillidir. Qızı həkimdir, davamçısıdır. İnanırıq ki, onlar da valideynləri kimi çalışdıqları sahələrdə nailiyyətlər qazanaraq, adlarını Vətənin “Şərəf kitabı”na qızıl hərflərlə yazacaqlar.
Qələmə aldı: Sevil Mikayılqızı