Naxçıvan “xanı” çökdürülür, növbə Sumqayıt “sultanı”nındı
Naxçıvan “xanı” Vasif Talıbovun ətrafında son vaxtlar baş verənlər ölkə gündəmini əməlli-başlı zəbt edib. Uzun illərdən bəri Vasif Talıbovun və onun yaxın ətrafının hansı hoqqalardan çıxması, hansı qanunsuzluqlara, özbaşınalıqlara yol verməsi heç kəsə sirr deyil. Hər kəs Vasif Talıbova istibdadının nə vaxt sona yetəcəyini səbirsizliklə gözləyirdi. Son prosseslər göstərir ki, artıq bu məsələ ilə bağlı ciddi addımlar atılmaqdadır.
Dövlət rəhbərliyi tərəfindən Naxçıvanda görülən mütərəqqi işlər yerli rəhbərlərin “at oynatdığı” bir sıra bölgələrdə, o cümlədən Sumqayıt şəhərində də sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb. Sumqayıtlılar tezliklə “qara maskalılar”ın Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova baş çəkəclərinə ümidlidirlər.
Zakir Fərəcovun ötən illər ərzində Sumqayıtda törətmədiyi cinayət qalmayıb. Rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq, maliyyə “maxinasiya”ları, talançılıq, vəzifə alveri, torpaq alveri, dövlət qurumları rəhbərlərinin yeri gəldi-gəlmədi aşağılanması, özəl sektorun sıxışdırılması və s. adi hala çevrilib. Bu zaman isə yalnız bir məqsəd güdülüb: saysız-hesabsız mülklərə, obyektlərə sahib olmaq, yüz milyonları, milyardları ələ keçirmək...
Aşağıda tükürpədən faktları sadaladıqca, yəqin ki, hər kəs bir daha heyrətlənəcək.
Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula yeni şəhər salmaq olardı.
Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb? Buyurun, Həbib Müntəzirin facebook-da yaydığı "Teref.az" saytında verildiyi kimi Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun, onda hara getdiyini biləcəksiniz.
Sumqayıtda “Şahanə” şadlıq sarayı, Novxanıda dəniz kənarında “Kalyon” restoranı, Yeni Bulvar ərazisində “Dəniz” restoranı, Sumqayıtın girişində “QS-OİL”, Sumqayıtda “İST” petrol (50 % onundur), Sumqayıtda “Səda Store”, 13-cü mikrorayonda “Qold Qayalı” super ticarət şəbəkəsi (50 % şərik), Sumqayıt bulvarına bitişik yaşayış massivi, Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, suşi və balıq restoranı, Sumqayıtın 44-cü məhəlləsində “Norf” adlı şirəli içkilər istehsalı, Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı Fərəcova aiddir.
Amma qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi, “Zəfəran” restoranı da ailənindir.
Həmçinin, Qurd dərəsi və Novxanı bağlarında 6 villası, Corat kəndində 1 villası, İzmirin Kuşadasında villası, Sumqayıt 29-cu məh., ev 17/18, mən 6 ünvanında mənzil, Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil, Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa, Novxanıda hektarlarla bağ sahəsi var.
Fərəcov həm də tikinti maqnatıdır. Saray kəndi Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur. Habelə, “Əsnayə” MMC şirkəti kürəkəni Əkrəmindir. “LC-2008” MMC şirkəti kürəkəni Müşviqindir.
“RAMİL-2000” Fərdi Firması kürəkəni Müşfiqindir. “Ruslan-S” tikinti şirkəti qardaşı oğlunundur. Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90 %-i Zakir Fərəcova da məxsusdur.
Fərəcovların gücü özünü eyni zamanda vəzifələrdə göstərir. Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcovdur, bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Həsənovdur.
Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat Birliyinin rəhbəri Hüseyn Həsənov, qudası Göyçay Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadə, qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı, kürəkəni Çin və Şimali Koreyanın fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, qudası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyevdir.
Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşfiq Quliyev, Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov isə biznesmendir.
“NORF” adli içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəssisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.
Bu arada “Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın İcra başçısı Zakir Fərəcovun qohumu imiş. Yenisabah.az xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir.
İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov İcra başçısının yeznəsi kimi təqdim edilir.
Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta İcra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə “Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirilib.
Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanırdı. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu.
Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşurut xəttini ələ keçirib. Qazilər olayla bağlı prezidentə müraciətlərində yazırdılar.
Onun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərdə deyilir ki, Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur, dünyasını dəyişib. Belə olduğu təqdirdə Xannı Rüsyəmov Zakir Fərəcova böyük problem miras qoyub gedib. Onun “Paşabanka” 8000000-10000000 (səkkiz milyon-on milyon) manat borcu olduğu iddia olunur.
Zakir Fərəcov Sumqayıtda görüləcək işlərlə bağlı keçirilən tenderlərə hansı yollarlasa müdaxilə etməyə nail olur. Belə olmasaydı, həmin tenderlərdən bir qayda olaraq öz əlaltısı Hümbət Xanməmmədova qalib çıxmazdı. Sumqayıta xaricdən bir neçə iş adamı öz vəsaitləri hesabına avtobuslar – nəqliyyat vasitələri gətizdirərək xəttə buraxmışdılar. Sonu nə oldu?!
Zakir Fərəcov bu sferanı da özününküləşdirdi. Bütün sahibkarları müflis hala saldı. Bu gün Sumqayıtda “Sumqayıt sultanı” Zakir Fərəcova məxsus “Sumqayıt İcra Hakimiyyəti” yazısı altında marşrut avtobusları xidmət göstərir. Sumqayıtda hara baxsan, hansı qazanc gətirəcək sahə görsən orada Zakir Fərəcovun adı və “fəaliyyəti” öndə gedir.
Hər şeyin bir sonu var, deyirlər. Zakir Fərəcov “sultanlığ”ının süqutuna da çox qalmayıb. Artıq bunun işartıları görünməkdədir. Bu günlərdə Zakir Fərəcovun Prokurorluq sistemində çalışan yeznəsinin Baş Prokuror Kamran Əliyev tərəfindən işdən qovulması heç də təsadüfi deyil. Demək ki, Zakir Fərəcov “sultan”lığında “yarpaq tökümü” nə start verilib. İnşallah ki, bununla bağlı yaxın vaxtlarda yeni və daha möhtəşəm xəbərlər eşidərik.
Qarğış, ah-nalə üzərində qurulan hansı mənsəb, taxt-tac sonadək davam edib. Tarixin gərdişi Zakir Fərəcov kimilərin üstündən yüz dəfə elə, yüz dəfə belə keçib. İlahi ədalətin qılıncından sivrilib çıxan görmədik bu qoca dünyada. Hər kəsin öz əməlinə görə öz cavabı var...
Ardı var..