Professor Əlimərdan Bağışov: “Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır”
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, ədəbiyyat, incəsənət, təhsil və s. Müvafiq olaraq tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
“Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxcəhətli olmuşdur” – Bu sözləri respublikanın tanınmış uroloq-androloq həkimi, tibb elmləri doktoru, professor Əlimərdan Bağışov saytımıza verdiyi müsahibədə demişdir.
Arayış: Əlimərdan Aşur oğlu Bağışov 1980-1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsində təhsil alıb və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır.
1990-1992-ci ildə bu kafedranın nəzdində aspiranturanı bitirərək “Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2008-ci ildə “Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) - etiopatogenez, diaqnostika və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının (Sankt Peterburq şəhərində) Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Zəngin iş təcrübəsinə malikdir: 1993-1997-ci illərdə urologiya kafedrasının assistenti, 1997-2017-ci illərdə urologiya kafedrasının dossenti, 2017-ci ildə bu günə qədər kafedranın professoru təyin olunmuşdur.
Professor Əlimərdan Bağışovun elmi-praktik fəaliyyəti operativ urologiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir. Bağışov ən mürəkkəb uroloji əməliyyatları uğurla icra edir. O, uroloji praktikada çox tətbiq edilən, endouretral müdaxilələr zamanı intrasponqioz anesteziya metodunu, sidik-cinsiyyət fistulları zamanı yeni fistuloqrafiya üsulunu təklif etmişdir. Sidik yollarının mamalıq və ginekoloji praktikada zədələnmələrinin cərrahi müalicəsində praktiki və elmi işləri diqqətə layiqdir.
Professor Bağışov Azərbaycan Uroloqlar Assosiasiyasının, Avropa Endouroloqlar Assosiasiyasının, Avropa Uroloqlar Assosiasiyasının və Sidik Saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın üzvüdür.
Professor Bağışov xatırlayır ki, Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tuturdu:
- Tale elə gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər, xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı. Onlar insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edir, tibbi–sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik rəhbərlə məsləhətləşirdilər. Ulu öndərin Azərbaycanda hakimiyyətə ilk gəlişi zahiri təmtəraqla, gəlişigözəl sözlərlə pərdələnmiş durğunluq dövrünə təsadüf etmişdi. Cəmiyyətin hər sahəsində olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə əldə edilən uğurlar hələ ətalətlə öz nəticələrini göstərirdi. Bununla belə, diqqətli müşahidəçi vəziyyətin heç də yaxşı olmadığını, səhiyyənin maddi–texniki bazası cəhətdən isə hətta acınacaqlı olduğunu görərdi. İmmunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm, malyariya, difteriya, poliomielit, məxmərək və s. narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı və mövcud kadrların səviyyəsi—bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi. Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu. Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu. Hər işdə problemin kökünü müəyyənləşdirmək və onun həlli yolunu tapmaq həm ən mürəkkəb məsələ, həm də uğurun təməlidir. Heydər Əliyev də əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı. 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.
Həmsöhbətimiz yada saldı ki, Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi olmuşdur:
- 1970–ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı. Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı. Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər. Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal almışdı.
Professor Bağışov qeyd etdi ki, Ulu öndərin fəaliyyətinin Moskva dövrü də səhiyyənin inkişafı baxımından çox əhəmiyyətli olub:
- Heydər Əliyevin tibb elmində, tibb sənayesində və bütövlükdə səhiyyə sistemində elmi–texniki tərəqqinin sürətləndirilməsi, Azərbaycan təcrübəsinə əsaslanaraq SSRİ əhalisinin kütləvi dispanserizasiyası və səhiyyə sistemində iqtisadi islahatlar keçirilməsi təşəbbüsü ilə çıxış etməsi onun qlobal düşüncə tərzindən, hər bir problemi köklü surətdə həll etmək bacarığından xəbər verirdi. Heydər Əliyev SSRİ miqyasında səhiyyə sahəsinə rəhbərlik etdiyi müddətdə də Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün çox işlər görmüşdü. Respublikamızın Xəzər dənizi sahillərində İttifaq əhəmiyyətli kurort zonasının yaradılması, sənaye müəssisələrində peşə xəstəliklərinin profilaktikası ilə bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi toplantıların Bakıda keçirilməsi bu qəbildən idi.
Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişinin də Vətənimiz və səhiyyəmiz üçün çətin bir məqama təsadüf etdiyini xatırlayan professor Bağışov xatırlayır ki, müharibə, Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi:
- Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998–ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Ümummilli liderin səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri də keçid dövründə bu sahədə mütərəqqi dəyişiklərin aparılması və yeni səhiyyə sisteminin qurulması idi. Məhz bu məqsədlə 1994–cü ildə Azərbaycanla BMT–nin Uşaq Fondu arasında Əməkdaşlıq Proqramı imzalandı. Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi həm də tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açdı—xüsusi mülkiyyətdə olan tibb müəssisələrində 10 min nəfərədək işçi, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edildi. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu. Ümummilli lider Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz doğma yurdunu tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlərin tibbi təminatı ilə bağlı problemlərin həllini də daim diqqət mərkəzində saxlayır, onlara lazımi tibbi xidmətin göstərilməsi ilə əlaqədar göstərişlər verir, bu məsələləri ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə edirdi. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri də daim onun nəzər–diqqətində idi. Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq, 1994–cü ildən etibarən şəhid ailələri Azərbaycanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürüldü, hər ailədən bir nəfərə 18 yaşına çatana qədər hər ay orta aylıq əmək haqqı məbləğində müavinət verildi.
Beləliklə, tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Söhbətləşdi: Sevil Həsənli