Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev - Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik yüksək səviyyəyə qalxmaqdadır. Bunun əsas səbəbi son 250 ildə ilk dəfə olaraq erməni millətçiləri üzərində möhtəşəm qələbə qazanaraq işğal altında olan tarixi torpaqlarımızı işğaldan azad etməyimizdir. Xalqları və millətləri birləşdirən əsas amillərdən biri də ümumi düşmənə qarşı birləşməklə birgə qələbə çalmaqdan yaranan milli qürur və iftixar hissidir. Artıq Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ Vətən Müharibəsində əldə edilmiş Böyük Qələbənin 3 ildir ki, qürurunu və sevincini yaşayır.
“Artıq 2023-cü il tarixə qovuşur. Dövlət başçısı İlham Əliyevin ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirləri yada salaq: “Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.” Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Bu il çərçivəsində ölkə daxilində və onun hüdudlarından kənarda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin təhlilinə, indiki, gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yarandı. “Heydər Əliyev İli” Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm zəfər səhifələrini yazdı. Yola saldığımız 2023-cü ilin uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini qürurla qeyd edirik. Təbii ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl davamlı uğurlara doğru inamla addımlamağı şərtləndirir. Azərbaycan üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu il 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyünü tam təmin etdi. Sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ölkə Prezidenti Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirmişdir ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlik, fərəh, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq.”
Azərbaycan 2023-cü ildə sosial-iqtisadi uğurları ilə diqqətdə oldu: “Ölkəmizin neft və qeyri-neft sektoru sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ənənəvi və bərpaolunan enerji sahəsində malik olduğumuz imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Bu ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır” söyləyən dövlət başçısı İlham Əliyev diqqəti gələn il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yönəldərək bildirmişdir ki, bu, Azərbaycanın zəngin neft və qaz resurslarının olmasına baxmayaraq gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında gördüyümüzü göstərir. Belə bir əminlik də ifadə olunmuşdur ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.”
Əlövsət Quliyev Azərbaycanın bir ildə qazandığı uğurların miqyasının geniş olduğunu önə çəkərək hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin prioritet olduğunu bildirib: “Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasından öncə cənab İlham Əliyevin stadiondakı çıxışı, həmçinin oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü azad edilmiş torpaqlarımızda görülən işlərin aydın mənzərəsini təqdim etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünyada hələ belə bir nümunə olmayıb ki, xalq, dövlət uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar: “Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”
Əlövsət Quliyev bir ildə Azərbaycan tarixinə yazılan uğur səhifələrini qürur hissi ilə vərəqləyərək diqqəti Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsinə yönəldib: “Sərəncamda da vurğulandığı kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir. “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində atılacaq addımlar bu hədəfə öz töhfəsini verəcək.”